Əbu Cəfər ət-Tahavi
Əbu Cəfər ət-Tahavi | |
---|---|
ərəb. أبو جعفر الطحاوي | |
![]() | |
Doğum tarixi | 19 avqust 853[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 935 |
Vəfat yeri | |
Fəaliyyəti | mühəddis, fəqih |
Əbu Cəfər ət-Tahavi (ərəbcə: أبو جعفر الطحاوي), (19 avqust 853[1][2], Misir – 935, Qahirə[3]) — Hənəfi məzhəbinin fəqihlərindən biri.
Həyatı
Əbu Cəfər ət-Tahavi 853-cü ildə Uşmunəynin Taha kəndində dünyaya gəlmiş,[4] 933-cü ildə Qahirədə vəfat etmişdir. İmam Tahavi, "Altı kitab" müəlliflərinin dövründə yaşamış, və bunların bir qismi ilə hədis rəvayət etmişdir. Səhihi Buxarinin müəllifi Əbu Abdullah Məhəmməd ibn İsmayıl əl-Buxari vəfat etdiyində ət-Tahavi on yeddi yaşında idi. Səhihi Müslimin müəllifi Müslim ibn əl-Haccac vəfat etdiyində iyirmi iki, Sünən sahibləri Əbu Davud əs-Sicistani vəfat etdiyində otuz altı, Əbu İsa ət-Tirmizi vəfat etdiyində qırx, Əhməd ibn Şuayb ən-Nəsai vəfat etdiyində altmış dörd yaşında idi. Digər Sünən sahibi Məhəmməd ibn Yezid ibn Macə vəfat etdiyində də otuz dord yaşında idi.
İmam ət-Tahavinin dayısı imam əl-Muzəni, imam Şafi fiqhini ən yaxşı bilən, imam Şafinin elmini təbliğ edən biri idi. Qurani-Kərimi Əbu Zəkəriyya Yəhya ibn Məhəmməd ibn Amrusdan öyrəndi. Bu ustadı haqqında, "Məsciddə yanında Quranı xətm etmədiyi heç bir dirək yoxdur", deyilmişdir.
Daha sonra dayısı əl-Muzənidən fiqh öyrənmiş, əl-Muzəninin, şafii fiqhinə dair yazdığı əl-Müxtəsəri ondan dinləmişdir. ət-Tahavi bu kitab ilə fiqh öyrənən ilk şəxsdir.[5]
Şafii məzhəbindən Hənəfi məzhəbinə keçməsi
İmam Tahavi iyirmi yaşına gəlincə, əvvəlki fikirlərini tərk etmiş, fiqh sahəsində Əbu Hənifənin üsuluna keçmişdir. Bunun müxtəlif səbəbləri vardır:
1. O, dayısının Əbu Hənifənin əsərlərini mütaliə etdiyini, onları davamlı oxuduğunu, onlardan təsirləndiyini görürdü. əl-Xəlili belə deyir:
"Hafiz Abdullah ibn Məhəmmədi belə deyərkən dinlədim: "Mən Məhəmməd ibn Əhməd əş-Şərrutini belə deyərkən dinlədim: "Tahaviyə: "Nə üçün dayının məzhəbinə müxalif çıxıb Əbu Hənifənin məzhəbini seçdin?" deyə soruşdum. O: "Çünki mən dayımın da Əbu Hənifənin kitablarını çox mütaliə etdiyini gördüm. Bu səbəbdən mən də Hənəfi məzhəbinə keçdim", cavabını verdi".[5]
2. İmam Şafinin tələbələri ilə Əbu Hənifə məzhəbinə mənsub elm adamları arasında gözü qarşısında cərəyan edən və şəxsən qulaq asdığı elmi müzakirələr.
3. Hər iki məzhəb ilə əlaqədar yazılmış əsərlər. Bu əsərlərin har birisi, haqqında ixtilaf edilmiş məsələlərlə əlaqədar olaraq, birinin digərinə verdiyi cavablar da iştirak etməkdədir. Məsələn əl-Muzəni, əl-Müxtəsər adlı əsərini təlif edərək çeşitli məsələlərdə Əbu Hənifənin görüşlərini rədd etmiş, daha sonra Qazı Bəkkar ibn Kuteybə onun bu görüşlərini rədd edən bir başqa əsər təlif etmişdir.
4. Bəkkar ibn Kuteybə, İbn Əbi İmran və Əbu Həzim kimi, qazılıq vəzifəsinə gəlmələri səbəbiylə Misir və Şam bölgələrinə gələn elm adamları arasında Əbu Hənifənin məzhəbini mənimsəyən elm adamları. İbn Əsakirin "Dəməşq Tarixi"ndə (11, 177-178) Tahavinin belə dediyini nəql etməkdədir:
"Elm yazdığım ilk adam əl-Muzənidir. İmam Şafinin fikirlərini mənimsəmişdim. Aradan illər keçdikdən sonra Əhməd ibn Əbi İmran Misirə qazı olaraq gəldi. Onunla birlikdə oturub-durmağa başladım və onun fikirlərini mənimsədim. Özü kufəlilərin üsuluna görə fiqh sahəsində alim idi. Beləliklə mən də ilk məzhəbimi tərk etdim. (Dayım) əl-Muzənini yuxumda gördüm. Mənə: "(Bu adam) səni qəsb etdi, ey Əbu Cəfər, səni qəsb etdi, ey Əbu Cəfər, deyirdi".[6]
Müəllimləri
1. Böyük elm adamı, imam, İslam ümmətinin fəqihi, zahidlərin öndəri İsmail ibn Yəhya ibn İsmail ibn Əmr ibn əl-Muzəni əl-Misri. İmam Şafinin tələbəsi, "əl-Müxtəsər", "əl-Camiul-Kəbir", "əl-Camius-Sağir", "əl-Mənsur" və bənzəri bir çox əsərin müəllifi olub, müctəhid biri idi.
2. İmam, böyük elm adamı, Hənəfi məzhəbinin ən böyük ustadı Əbu Cəfər Əhməd ibn Əbu İmran Musa ibn İsa əl-Bağdadi. Fəqih, mühəddis. Bu müəllimi Əbu Yusif və İmam Məhəmməd ibn əl-Həsən əş-Şeybaninin tələbələrindən fiqh öyrənmiş. İmam Tahavi də onunla eyni ləqəbə sahib Əhməd ibn Əbu İmran ilə bilikdə oturub-durmağa başlamış və iyirmi ilə yaxın ondan fiqh öyrənmişdir. Əbu Süleyman ibn Zəbərin Təhavidən nəql etdiyinə görə, Hənəfi məzhəbinə keçməsində bu müəlliminin böyük bir təsiri olmuşdur. Əbu Cəfər bu müəllimiylə öyünür və ondan çox rəvayət edərdi.
3. Böyük fiqh alimi, böyük elm adamı, qazılar qazısı Əbu Həzzim Abdulhəmid ibn Əbdüləziz əs-Səkuni əl-Bəsri əl-Hənəfi. Bu şəxs Şam, Kufə, Kərx və Bağdadda qazılıq vəzifəsində olmuş. Tahavi Şama gəldiyində ondan fiqh öyrəndi.
4. Böyük qazı, böyük elm adamı, mühəddis Əbu Bəkrə Bəkkar ibn Kuteybə əl-Bəsri. Misir qazılar qazısı idi. Bu müəllimi, İmam Şafinin, Əbu Hənifənin görüşlərini rədd edən qənaətlərinə cavab verən bir əsər təlif etmişdir.
5. Qazı, böyük elm adamı, mühəddis, qazılər qazısı Əbu Ubeyd Əli ibn əl-Hüseyn ibn Hərb ibn İsa əl-Bağdadi. Şafii məzhəbi alimlərindəndir.
6. İmam, hafiz, rəvayəti siqa (sağlam) Əbu Əbdürrəhman Əhməd ibn Şuayb Əli ibn Sinan ibn Bəhr əl-Xorasani ən-Nəsai. Elm təhsili üçün Xorasan, Hicaz, Misir, İraq, Cəzirə və Şama səyahətlər etmiş, daha sonra Misirə yerləşmişdir. İmam Tahavinin “Şərhul Müşkilil-Əsar” adlı əsərində Nəsaidən etdiyi rəvayətləri olduqca çoxdur.[7]
Əsərləri
İmam Tahavinin əsərləri bunlardır:[8]
1. Şərhu Məanil-Əsar: Onun ilk yazdığı əsərdir. Əsərin əvvəlində elm əhlinin istəyinə görə kitabın yazılma səbəbini belə ifadə etməkdədir:
"Əhkama dair mövzularda zikr edilmiş bu rəvayətlər haqqında bəzi inkarcılarla, bəzi məlumatı qıt müsəlman kəslər, bunların nasix (hökmü ortadan qaldıran) ilə mənsuxlarını (hökmü ortadan qalxmış) və lazımınca əməl edilməsinin lazım gəldiyini kifayət qədər bilmədiklərindən ötəri dəlillər arasında bəzi uyğunsuzluqlar olduğunu düşünməkdədirlər. Bu səbəbdən burada hər bir bölümdə hansılarının nasix, hansılarının mənsux olduğunu, elm adamlarının mövzu ilə əlaqədar şərhlərini, bir-birlərinə qarşı gətirdikləri dəlillərini və bunlar arasında mənə görə kimin dəlilinin səhih olduğunu zikr etməyim istəndi. Bu barədə düşündüm və çox ciddi şəkildə araşdırdım. Onun istədiyinə uyğun müxtəlif mövzulara dair məlumatları ortaya çıxartdım, bunları kitablara (ana hissələrə) ayır dim va har bir ana hissada bu barədə nə varsa zikr etdim".
2. İxtilaful-Fuqaha: Bu əsərdən İbn Həllikan, ibn Kəsir, Süyuti kimi bir çox elm adamları bəhs etmişdir.
3. Hənəfi fiqhinə dair "Müxtəsərul-Tahavi": Bu da şafii məzhəbində əl-Müzəninin Müxtəsər mahiyyətindədir. Bu Müxtəsərin də bir çox şərhi olmaqla bərabər ən əhəmiyyətlisi isə "Əhkamul-Quran" adlı əsərin müəllifi Əbu Bəkr əl-Cəssasın yazdığı şərhdir.
4. Sünənüş-Şafii: Tahavi bu əsərində dayısı əl-Muzənidən, onun da əş-Şafiidən eşitdiyi hədisləri rəvayət etmişdir.
5. Əl-Əqidatut-Tahaviyya: Tahavi bu əsərində sələfin mənimsədiyi etiqadı zikr etmiş və bu mövzuda İmam Əbu Hənifədən, iki tələbəsi Əbu Yusif ilə Məhəmməd ibn Həsəndən, onların dinin əsaslarına dair mənimsədikləri əqidəni qeyd etmişdir.
6. Əş-Şurutus-Sağir.
7. Əş-Şurutul-Əvsat: Bu əsəri şeyx Abdulqadir əl-Quraşi ilə Əli əl-Qari zikr etmişdir.
8. Əş-Şurutul-Kəbir.
9. Ət-Tarixul-Kabir.
10. Əhkamul-Quran.
11. Ən-Nəvadirul-Fiqhiyyə.
12. Ən-Nəvadir vəl-hekayət.
Haqqındakı fikirlər
İbn Yunus onun haqqında:
"O, siqa (etibarlı), rəvayəti sağlam, fəqih və özü kimi birini yerinə qoymadan vəfat edən bir şəxsdir".[9]
Məsləmə ibn əl-Qasım, əs-Sıla bunları deməkdədir:
"O, siqa (etibarlı), rəvayəti sağlam, üstün, dəyərli, olduqca fəqih, alimlərin fərqli görüşlərini və təsnif qaydasını çox yaxşı bilən biri idi".[10]
İbnun-Nədim:
"O zamanın ən alimi və ən çox zühd sahibi olanı idi."[11]
"əl-Cəvahirul-Mudiyyə" adlı əsərdə İbn Abdilbərr belə deyir:
"Kufəlilərin sirətini, xəbərlərini və fiqhlərini insanlar arasında ən yaxşı bilən kimsə idi. Bununla birlikdə bütün fəqihlərin məzhəbini də bilərdi".
İmam Səmani, Tahavi haqqında deyir ki, İmam, siqa (etibarlı), rəvayəti sağlam, fəqih, alim, geriyə özü kimi birini qoymadan ölən biri idi.[12]
İbn Cövzi deyir ki, o rəvayəti sağlam, üstün anlayışlı, yaxşı bir fəqih və çox ağıllı biri idi.[13]
İbnul-Əsir:
"O, imam və Hənəfi məzhəbində fəqih biri idi. Siqa (güvənilən) və sağlam idi."[14]
Zəhəbi deyir ki, "İmam, çox böyük elm adamı, çox böyük hafiz, Misirin mühəddisi və fəqihi... Bu imamın təlif etdiyi əsərləri araşdıran bir şəxs, onun elmi dərəcəsini və üstünlüyünü anlayar.[15]
İbn Kəsir deyir ki, Hənəfi fəqihi, çox faydalı əsərlərin, dolub daşan faydalı elmin sahibi, sağlam, siqa (güvənilən) ravilərdən, çox üstün dahi hafizlərdən biridir.[16]
İstinadlar
- ↑ 1 2 Türkiye Diyanet Vakfı Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (türk.). Ankara: Türkiye Diyanet Vakfı.
- ↑ 1 2 https://islamansiklopedisi.org.tr/tahavi.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119311917 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ İbn Əsakir. Tarixu Dəməşq (az.). Beyrut: Amiri. 1995. 367.
- ↑ 1 2 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 200. ISBN 978-9952-489-89-7.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqgi (az.). Bakı: Şərq-Qərb. 2014. 201. ISBN 978-9952-489-89-7.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 201–202. ISBN 978-9952-489-89-7.
- ↑ Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 203–204. ISBN 978-9952-489-89-7.
- ↑ İbn Əsakir. Tarixi Dəməşq, cild VII (ərəb). 368.
- ↑ İbn Həcər. Lisanul-Mizan, cild I (ərəb). 276.
- ↑ əl-Fihrist (ərəb). 260.
- ↑ əl-Ənsab, cild VIII (ərəb). 218.
- ↑ əl-Müntəzəm, cild VI (ərəb). 250.
- ↑ əl-Lubab, cild II (ərəb). 276.
- ↑ Siyəru Aləmin Nubəla, cild XV (ərəb). 27.
- ↑ əl-Bidayə, cild XI (ərəb). 186.