Andrey Babayev

Andrey Babayev
erm. Անդրեյ Հովհաննեսի Բաբաև
Ümumi məlumatlar
Doğum tarixi 27 dekabr 1923(1923-12-27)[1][2]
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 1964(1964-10-21)[1][2] (40 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Moskva erməni qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janr opera
Təhsili
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Ermənistan SSR əməkdar incəsənət xadimi

Andrey Avanes oğlu Babayev (27 dekabr 1923[1][2], Ağbulaq, DQMV[2]21 oktyabr 1964[1][2], Moskva[2]) — Azərbaycan bəstəkarı, Ermənistan SSR əməkdar incəsənət xadimi (1958).

Andrey Babayevin yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanır. "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnılar yazmışdır. O, tacik, türkmən, hind və başqa xalq melodiyaları da işləmişdir.

Həyatı

Andrey Babayev 1923-cü il dekabrın 27-də Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Ağbulaq kəndində erməni ailəsində anadan olmuşdur[3]. İbtidai musiqi təhsilini Şuşada almışdır. Böyük Vətən Müharibəsi illərində mahnı və rəqs ansamblının rəhbəri olmuşdur. “Qafqazın müdafiəsinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmişdir.

1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. 1953-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirib (rəhbəri Yuri Şaporin).

1939-1941-ci illərdə Azərbaycan Radiosunun Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijor köməkçisi işləyib. 1941-1945-ci illərdə Bakı qarnizonunun mahnı və rəqs ansamblının bədii rəhbəri, 1946-1947-ci illərdə Bakı Filarmoniyasının ansamblının rəhbəri , 1947-1950-ci illərdə həmin filarmoniyanın mahnı və rəqs ansamblının xormeysteri olub. 1950-ci ildən Moskvada yaşayıb işləyirdi.

Andrey Babayevin qəbri

1964-cü il oktyabrın 21-də vəfat etmişdir. Moskvadakı Erməni qəbiristanlığında dəfn edilib.

Yaradıcılığı

Yaradıcılıq fəaliyyətinə 1943-cü ildə başlayıb. 1961-ci ildə "Artsvaberd" operasını (librettosu Z. Q. Vartanyan və G. M. Boryanın), 1964-cü ildə isə "Bağdasar dayı" operasını (A. Paronyanın eyniadlı pyesi əsasında, librettosu Z. G. Vartanyan və G. M. Boryanın) yazıb. O, "Oktyabr" (sözləri A. Pançenkonun, 1947), “Partiya haqqında nəğmə” (sözləri S.Qorodetskinin, 1954), "Qartal qalası" (1957), "Bağdasar dayı" (1964), uşaqlar üçün iki kantatanın – sözləri Z. Cabbarzadənin (1946) və sözləri İ. Soltanın (1947) - eləcə də "Şöhrət zəhmətkeş torpağa" kantatalarının (sözləri A. Fatyanovun) müəllifidir. O, bir neçə simfoniya və rapsodiya, o cümlədən "Konsertdə rapsodiya" (1959), "Hind fantaziyası" (1958), "Fantaziya" (1951), həmçinin Azərbaycan xalq çalğı alətləri orkestri üçün "Ballada" (1947) və "Çahargah" (1947) süitalarının, "Gənclik" uvertürası (1948) və başqa əsərlərin müəllifidir. O, tamaşalara və filmlərə musiqi yazıb, "Mən bir qızla tanış oldum", "Nazəndə sevgilim", "Bakılı qız" və "Küsüb getdin, yarım mənim" kimi əllidən çox mahnının bəstəkarıdır.

Mahnıları

  • "Nazəndə sevgilim"

İstinadlar

  1. 1 2 3 4 Andrei Avanesowich Babayev // Musicalics (fr.).
  2. 1 2 3 4 5 6 7 8 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  3. Литературный Азербайджан (rus). mart 1985. 97.

Xarici keçidlər

kino-teatr.ru