Daşnaksutyun
Sədri | Hrant Markaryan |
---|---|
Qurucu |
|
Quruluş tarixi | 1890 |
Baş qərargah | |
İdeologiya | sosial-demokratiya , mərkəz sol |
İdeoloji spektr | solçuluq |
Üzvlüyü | |
Saytı | ARFD.info |
Vikianbarda əlaqəli mediafayllar |
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır.
Tarixi
Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni inqilabçılarının ittifaqı" adlanırdı.
Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi.
1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar:
"Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır".
1892-ci ildə partiyanın adı dəyişdirilir və partiya indiki adı ilə adlanmağa başlayır. Həmin il partiyanın proqramı da dərc edilir:
Məqsəd: Daşnaksutyunun məqsədi üsyanlar yolu ilə iqtisadi və siyasi azadlıqlar əldə etməkdir. Partiya hər bir insanın bərabər hüquqa malik olduğu prinsipindən irəli qələrək, maddi nemətlərin bərabər bölünməsinin tərəfdarıdır.
- Gələcək Ermənistanda ümumi maraqlara xidmət edən, xalq hökuməti ümumi bərabər və birbaşa səsvermə yolu ilə seçilməlidir.
- İstənilən vasitələrlə həyatın və iş yerlərinin təmin edilməsi.
- Müxtəlif dinlər və millətlər qanun qarşısında bərabərdir.
- Söz və mətbuat azadlığı.
Vasitələr: Erməni inqilab ittifaqı öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaradır, bu dəstələr hökumətə, eləcə də tək ermənilərin yox, həm də assiriyalıların, kürdlərin və sülhsevər türklərin əziyyət çəkdiyi ümumi vəziyyətə qarşı da mübarizə aparır. Bu istiqamət çox böyük əhəmiyyət kəsb edir. Bütün bu qrupları ümumi mübarizə üçün birləşdirə bilməsək də, ən azından onların ermənilərə qarşı müxalifətini neytrallaşdıra bilərik.
- Daşnak partiyasının əsas prinsiplərinin və məqsədlərinin təbliğatı.
- Silahlı dəstələri təşkil etmək, eləcə də onları ideoloji və praktik cəhərdən hazırlamaq.
- Xalqı silahlandırmaq.
- İnqilabi komitələri və onlar arasında sıx əlaqələri təşkil etmək.
- Hakimiyyət nümayəndələri, sələmçilər, satqınlar və hər cür istismarçılara qarşı terror tətbiq etmək.
- Xalqı quldur və soyğunçuların hücumundan qorumaq.
- Adamların və silahların göndərilməsi üçün yollar və vasitələr tapmaq.
- Dövlət idarələrinin dağıdılması və talan edilməsi.
Əsas təşkilati prinsip kimi yerli komitələrin muxtariyyəti ütünlük təşkil edirdi. Hər hansı bir rayonun bir neçə komitəsi, rayonun mərkəzi komitəsini seçirdi. Partiyanın başında büro dururdu, əvvəl Rusiya və İranda, sonra Avropada, daha sonra isə Osmanlı İmperiyasında komitələr quruldu. Rusiya İmperiyasında partiyanın yaradılmasından dərhal sonra, Qarsda, Aleksandropolda (indiki Gümrü), İrəvanda, Tiflisdə, Bakıda, Şuşada, Yelizavetpolda (indiki Gəncə) və Rostovda komitələr təşkil olundu.
O zaman daşnakların əsas fəaliyyəti Osmanlı İmperiyasının ermənilər yaşayan ərazilərinə "fədailər" üçün silah və sursatın göndərilməsindən, həmçinin yerli erməni əhalisinin, silahlandırılmasından və türk hökumətinə qarşı qaldırılmasından ibarət idi.
XIX əsrdə daşnakların keçirdiyi ən məşhur terror aktı 1896-cı ildə Osmanlı bankına təşkil etdikləri hücum idi. Lakin İstanbulda yerləşən qərb dövlətlərinin səfirliklərinin müdaxiləsi nəticəsində, Osmanlı hökuməti hücumda iştrak edən terrorçuların Avropaya getməsinə razılıq verir.
XX əsrin əvvələrindən etibarən daşnaklar Rusiya İmperiyasında öz fəaliyyətlərini aktivləşdirir. 1905-ci ildə azərbaycanlılara qarşı törədilən qırğınlarda daşnaklar da aktiv iştrak edir, bu məqsədlə onlar əvvəllər Türkiyəyə göndərdikləri "fədailəri" geri çağırır. Daşnaklar Bakı qubernatoru Nakaşidzeni "müsəlmanlara kömək edir" bəhanəsi ilə qətlə yetirir, qubernatoru sonradan "general Dro" kimi tanınan Drastanat Kamayan qətlə yetirir.
ABŞ türkoloqu Tadeuş Svatxovskinin fikrincə 1905–1906-cı illər ərzində ermənilər azərbaycanlıların yaşadığı 158 yaşayış məntəqəsinə hücum edirlər. 1905-ci ildə daşnaklar İstanbulda sultan II Əbdülhəmidə sui-qəsd təşkil edir, təsadüf naticəsində sultana zərər dəymir, lakin partlayış nəticəsində, 26 nəfər həlak olur 58 nəfər yaralanır.
1906-cı ildə Sofiyada keçirilən koqresdə daşnaklar Rusiyanın siyasi həyatında aktiv iştirak etməyi qərara alırlar.
Osmanlı İmperiyasında "gənc türklər" hakimiyyətə qəldikdən sonra daşnaklar müəyyən müddət də olsa yeni qurulmuş türk hökuməti ilə silahlı mübarizədən çəkinir.
1910–11-ci illərdə Sankt-Peterburqda terrorçuluqda günahlandırılan daşnaklar üzərində keçirilmiş məhkəmə prosesi nəticəsində 52 nəfər həbs cəzasına layiq görülür, 4 nəfər isə Sibirə sürgünə gondərilir. Bu proses zamanı daşnaklarım müdafiəçiləri sıralarında Aleksandr Kerenski də var idi.
Daşnaklar Birinci dünya müharibəsində
Birinci dünya müharibəsi zamanı daşnaklar Rusiyanın tərəfinə keçərək ermənilərdən ibarət silahlı dəstələr yaradır və Osmanlı imperiyasına qarşı döyüşlərdə iştrak edir. Bu münasibətlə Rusiya imperiyasında daşnaklara amnistiya elan edilir.
Çar hökuməti ermənilərə qələbədən sonra Türkiyənin şərqində "Erməni muxtar dövlətinin" yaradılması vədini vermişdi. Lakin bu ərazilərdə ermənilər heç vaxt çoxluq təşkil etməmişlər, bu məsələnin həlli uçün erməni silahlı dəstələri müsəlman əhalinin (türklər və kürdlər) yaşadığı kəndlərə basqınlar təşkil edir, bu basqınlar nəticəsində on minlərlə insan amansızcasına qətlə yetirilir. Daşnak silahlı dəstələri arxa cəbhədə aktivləşərək türk ordusunun təchizatını və rabitəsini pozmağa cəhd göstərir və bu işdə bəzi uğurlara da nail ola bilirlər. Daşnaklar hətta türk hərbi hospitalına hücum edərək, oradakı yaralı türk əsgərləri və həkimləri qətlə yetirir. Silahlı dəstələrin təşkilində və türklərə qarşı təbliğatın aparılmasında erməni kilsəsi və kilsə xadimləri də yaxından iştrak edir.
1915-ci ilin fevralında Erməni milli konqresində çıxış edən Daşnaksutyunun hərbi qanadının təmsilçisi, çar hökumətinin Türkiyə ermənilərinin ehtiyacları üçün 242 900 rubl vəsait ayırdığını bildirir, bu pullar Türkiyədəki erməniləri silahlandırmaq və üsyana təşviq etmək üçün nəzərdə tutulurdu.[1]
Amerika tarixçisi Corc Şou "Osmanlı imperiyasının tarixi" kitabında bu hadisələr barədə bunları yazır:
"müharibənin qedişatı, ermənilər tərəfindən müsəlmanların kütləvi qətlləri ilə müşayiət olunurdu. Bir milyondan çox türk kəndlisi öz doğma torpaqlarından qaçmağa məcbur olmuşdur. Minlərlə qaçqın ermənilər tərəfindən tikə-tikə doğranmışdır. Müharibədən əvvəl Ərzurum, Trabzon, Ərzincan, Van və Bitlisdə yaşayan 3 milyon 300 min türk əhalisindən yalnız 600 min nəfəri qalmışdır. Türk və kürd kəndlilərinin soyqırımının ən aktiv təşkilatçısı və ideoloqu Daşnaksutyun terror təşkilatının üzvü, "Atom" ləqəbli Artur Şahrikyan olmuşdur
. J. Malevilin "1915-ci il erməni faciəsi" kitabında bu hadisələr belə təsvir olunur:
"Erməni quldur və terror dəstələri tərəfindən məhv edilmiş müsəlman əhalinin sayı təxminən 1 milyon 600 min nəfər təşkil edir. Bütün bu faktlar çar ordusunun zabitlərinin narazılığına səbəb olmuş və onlar erməni başkəsənlərinə qarşı güc tətbiq etməyə məcbur olmuşdular"
.
Rus ordusu bu ərazidən çəkildikdən sonra, erməni quldur dəstələri daha da azğınlaşır və bu ərazidə qalmış müsəlman əhalinin kütləvi qətllərinin miqyasını böyüdür, bu hal türk ordusunun əks hucuma keçib erməniləri Qafqaza sıxışdırmasına qədər davam edir. Türk ordusu tərəfindən Qafqaza sıxışdırılan erməni hərbi dəstələri, 1918-ci ilin mayında elan olunmuş və daşnaklar tərəfindən idarə olunan Ermənistan respublikasının ordusunun əsasını təşkil edir. Bu zaman bu dəstələr Naxçıvanda, Zəngəzur və Göyçə mahallarında eləcə də Qarabağda azərbaycanlıların kütləvi qətlləri ilə məşğul olur. Həmçinin daşnaklar və Daşnaksutyun partiyasının nümayəndələri Bakıda törədilən qırğınlarda da aktiv iştrak edir.
Daşnaklar Ermənistanı 1920-ci ilin noyabr ayınacan idarə edirlər bu zaman onlar demək olar ki bütün qonşuları ilə müharibələr aparır, həm Gürcüstan, həm Azərbaycan həm də Türkiyəyə qarşı ərazi iddiası irəli sürən erməni hökuməti bütün bu ölkələrə qarşı hərbi əməliyyatlar aparır. Lakin daşnak hökumətinin apardığı heç bir müharibə uğurla nəticələnmir, Türkiyə ilə apardıqları müharibə isə Ermənistanın tamam məhlubiyyəti ilə nəticələnir, bu zaman 11-ci Qızıl Orduya arxalanan erməni bolşevikləri 29 noyabr 1920-ci ildə "üsyan" qaldırır və Ermənistanı sosialist respublika elan edir. Dekabrın 2-də daşnak hökuməti öz istefasını elan edir. Dekabrın 2 dən 3 nə keçən gecə, İrəvandakı hökumətin istefa verməsindən xəbərsiz olan daşnak hökumətinin nümayəndələri, Gümridə Türkiyə hökuməti ilə müharibəyə son qoyan razılaşmanı imzalayırlar, özündə Türkiyənin maraqlarını tam əks etdirən və Ermənistanı Türkiyənin faktiki vassalına çevirən bu muqavilə, heç vaxt güvvəyə minmədi.
18 fevral 1921-ci ildə daşnaklar üsyan qaldırır və Ermənistanda nəzarəti tam ələ alır, lakin aprelin 3 sovet ordusunun İrəvanı alması ilə üsyan yatırılır.
1923-cü ilin yanvarında İrəvanda Daşnaksutyunun Ermənistanda olan üzvlərinin toplantısında Daşnaksutyun partiyasının Ermənistanda fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunur. Ermənistandakı məğlubiyyətindən sonra daşnaklar öz niyyətlərindən əl çəkmir və terror fəaliyyətini davam etdirir. Belə ki, Daşnaksutyun partiyasının maddi dəstəyi və təşkilatçılığı ilə, bu partiyadan olan erməni terrorçuları "qara siyahıya" saldıqları və "erməni xalqının düşmanı" elan etdikləri türk və azərbaycanlıları qətlə yetirməyə başlayır. Onlar bu qətllərin adını "Nemezis əməliyyatı" qoyur. Bu "əməliyyat" nəticəsində Tələt paşa, Camal paşa, Səid Hilmi paşa, Behbud xan Cavanşir, Fətəli xan Xoyski və digərləri qətlə yetirilir.
Daşnaklardan ibarət və onların təşkil etdikləri silahlı dəstələr
Daşnaksutyun soyuq müharibə dövründə
XX əsrin 90-cı illərinədək Daşnaksutyunun bütün fəaliyyəti əsasən Avropa, Amerika və bəzi ərəb ölkələrində cəmləşmişdi.
Qeyd etmək lazımdır ki, İkinci dünya müharibəsi zamanı Daşnaksutyun partiyasının bir çox məşhur üzvü Almaniyanın tərəfində SSRİ və müttəfiqlərə qarşı döyüşlərdə aktiv iştrak etmişdi.
Erməni diasporunun maddi imkanlarından istifadə edərək, Daşnaksutyun Avropada, Asiyada, Şimali və Cənubi Amerikada bir çox kilsə təşkilatları, gənclərlə iş üzrə təşkilatlar və erməni məktəbləri yaradır. Həmçinin Daşnaksutyun erməni diasporunun KİV-lərinin yaradılmasında və formalaşmasında da böyük rol oynayır.
Bütün bu tədbirlərlə yanaşı Daşnaksutyun Avropada və ABŞ-də güclü erməni lobbisi yarada bilir və bu erməni lobbisinin köməyi ilə bir sıra qərb dövlətlərinin parlamentlərində qondarma erməni soyqırımının tanınmasına nail olur.
1970–80-ci illərdə daşnaklar erməni terrorçularını və terror təşkilatlarını aktiv dəstəkləyirlər, bu həm maddi-mənəvi, həm də siyasi dəstək şəklində olur. Bundan əlavə aşkarlanmış faktlardan məlum olur ki, Daşnaksutyun Türkiyə və türklərə qarşı keçirilən terror aktlarının təşkilində və hazırlanmasında bilavasitə iştrak etmişdir.
Daşnaksutyun fəalları 70-ci illərdə Livanda gedən vətəndaş müharibəsi zamanı da xüsusi aktivlik göstərmiş, oradakı erməni əhalisini silahlandırmış, hərbi dəstələr təşkil etmişdir.
Müasir dövr
1980-ci illərin sonunda SSRİ-də baş qaldıran iqtisadi-siyasi problemlər Daşnaksutyunun burada aktivləşməsinə səbəb oldu, öz imkanlarından istifadə edərək Daşnaklar Avropa Amerika sonradan isə mərkəzi Sovet mətbuatında "Miatsum" ideyasını təbliğ etməyə başladılar. Lakin daşnaklar tək təbliğatla kifayətlənməyib, Ermənistana və Qarabağa silah sursat, adamlar göndərirdilər. Azərbaycan barədə təhrif olunmuş yalan məlumatların yayılmasında Daşnaksutyunun nəzarətində və yaxud təsirində olan KİV-lərdən aktiv istifadə adi hal alır. Daşnaklar gürcü-abxaz münaqişəsində də aktiv iştrak edirlər, onların iştrakı və köməyi ilə "Marşal Baqramyan adına erməni batalyonu" yaradılır, ki bu batalyon gürcü ordusuna qarşı döyüşlərdə iştrak edir.
1994-cü ildə Ermənistanda Levon Ter-Petrosyanın əmri ilə Daşnaksutyunun fəaliyyəti dayandırılır, bəzi üzvləri isə həbs olunur. 1998-ci ildə prezident postunda Ter-Petrosyanı əvəz etmiş, Robert Koçaryan Daşnaksutyunun fəaliyyətinə icazə verir. Bü gün Daşnaksutyun Ermənistanda aparıcı siyasi güclərdən biridir.
Daşnaksutyunun tələbləri illərdən bəri dəyişməyib, partiya əvvəllər olduğu kimi Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir. Azərbaycana qarşı isə ərazi iddiaları dava edir, işğal olunmuş ərazilərdən savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan muxtar respublikasının ərazilərinə iddialıdırlar.
İştirak etdiyi seçkilər
Hökumətdə və parlamentdə təmsilçiliyi
Himni
Bayrağı və emblemi
Partiya qərargahı
Üzvləri və rəhbərləri
İstinadlar
- ↑ Taşnak ve Sovyet Ermenistanı Kaynaklarında Taşnaksutyun Gerçeği Arxivləşdirilib 2008-10-18 at the Wayback Machine (türk.)
Mənbə
Xarici keçidlər
- Daşnaksutyun Arxivləşdirilib 2011-02-24 at the Wayback Machine
- Этнокультурный аспект жизни общества
- Преступления армянский бандитских и террористических формирований Arxivləşdirilib 2010-04-20 at the Wayback Machine
Həmçinin bax