Poliqam aktinidiya

Poliqam aktinidiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü.

Təbii yayılması

Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir.

Botaniki təsviri

Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır. Yarpaqlarının itiuclu və kənarının itidişli olması ilə başqa növlərdən fərqlənir. Ətirli, ağ rəngli çiçəkləri ikicinslidir. Diametri 2,5 sm-ə qədər olur. Meyvəsi silindrvari, ucdan sivri buruncuqludur. Sentyabr-oktyabr aylarında yetişmiş meyvələri açıq-narıncı rəngdə olur. Meyvələrinin uzunluğu 4 sm-dək olub, sentyabr ayında yetişir, həmin dövrdə rəngi kəskin dəyişir.

Ekologiyası

İsti, rütubətsevəndir, günəşin sərt şüalarından yarpaqları yanır.

Azərbaycanda yayılması

Abşeronda, Lənkəranda, Astarada özəl həyətyanı sahələrdə rast gəlinir. Mədəni şəraitdə XIX əsrin 60-cı illərindən becərilir.[mənbə göstərin]

İstifadəsi

Canlı çəpərlərin salınmasında, divarların örtülməsində dekorativ bitki kimi istifadə olunur. Meyvələri askorbin turşusu ilə zəngindir.

İstinadlar

Həmçinin bax