Qara feminizm

Qaradərili feminizm — Afro-amerikalı qadınların təcrübələrinə diqqət yetirən və irqçiliyə qarşı mübarizə aparan feminizmin bir qolu.[1][2]

Haqqında

1970-ci illərin əvvəlində bu dövrə qədərki feminist mübarizənin məzmununa və onların tələblərinin yarımçıq olduğuna tənqidi yanaşaraq meydana gələn qaradərili feminizm feminist diskursda sinif-irq-cinsin əlaqəli olduğunu üzə çıxardı. Qaradərili feminizmin ortaya çıxması ilə feminist diskurs yeni şəkil aldı və cins əsaslı problemin əhatəsi genişləndi. Qaradərili feministlər ağdərili feministlərin yalnız orta sinif qadının problemlərini qabardaraq, bu problemi bütün qadınların problemi kimi təqdim etməsinə, digər sinif və irqdən olan qadınların təcrübələrini marginallaşdırmasına qarşı çıxdı. Qaradərili feministlər hesab edirdilər ki, ağdərili qadınların dominant olduğu feminist diskurs yalnız ağdərili və orta sinif qərb qadınlarının üzləşdiyi təzyiqləri ifadə edir, lakin ağdərili olmayan qadınlar və kasıb təbəqənin ağdərili qadınlarının problemləri əhatə edilmir.[2] Qaradərili feminizm ağdərili qadının ancaq öz təzyiq və əzilmə meyarlarını əsas götürərək, digər qadınların bu təcrübələrini gözardı etməsini ifşa edir; əzilmə hallarının bərabər yox, sinif-irq-cins və digər sosial kateqoriyalar əsasında qeyri-bərabər olduğunu vurğulayır; marginallaşmış bütün sosial qrupların hüquqlarını əhatə etməyə çalışır. Bununla da qaradərili feminizm əsasən afro-amerikalı və qeyri-ağdərili qrupların səsi olmağı hədəfləyir.

Qaradərili feminizmin nəzəri yanaşmasına görə qadınların üzləşdiyi problemlər tək səbəbli deyil və qadınların üzləşdiyi fərqli istismar kontekstləri var. Ağdərili qadının istismar dərəcəsi qaradərili və kasıb qadınların istismar dərəcələri ilə fərqlidi. Ağdərili qadın cinsinə görə ayrı-seçkiliyə məruz qaldığı halda, qaradərili qadın həm cins, həm irq, həm də sinfinə görə istismara və ayrı-seçkiliyə məruz qalır. Sinif, irq və cins bir-birinə bağlıdır və ağdərili qadın bu təcrübəni yaşamadığı üçün onu gözardı edir.

Qaradərili feminist bell huks[ii] liberal feminist Fridanın Feminist Mistika kitabını sinif-irq-cins aspektindən tənqid edir. O, Fridanın"biz qadınların ´mən ərdən, uşaqdan və evdən daha  çox şey istəyirəm´ səsini iqnor edə bilmərik" deyə qeyd etdiyi cümləsində müəllifin yalnız orta sinif ağdərili qadının ehtiyacını səsləndirərək, digər təbəqə və rəngdəki qadınları bu kontekstdə çıxdaş etdiyini bildirir: "Burada ´daha çox´ deməklə o, karyeranı nəzərdə tutur. O, özü kimi daha çox qadının məişət işindən azad olub, ağdərili kişi ilə bərabər karyera imkanı əldə etdiyi halda, uşaqlarına baxmaq və evində qulluq etmək üçün kimin çağırılacağını müzakirə etmir".[2] Qaradərili feminizm bu kontekstdə ağdərili qadını və qaradərili kişiləri eyniləşdirir:[2] ağdərili qadın cinsiyyətçilik, qaradərili kişi isə irqçilik qurbanıdı. Lakin ağdərili qadının qaradərili qadınlara qarşı irqçi yanaşması və qaradərili kişinin cinsiyyətçiliyi və əzici yanaşması qaradərili qadının qatbaqat əzilməsinin əsasını təşkil edir. Qaradərili qadın həm ağdərili qadın və ağdərili kişi, həm də qaradərili kişi tərəfindən əzilir. Qaradərili feminizm buna görə də bu qatbaqat (interseksional) əzilməyə qarşı mübarizə aparır.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri". Baku Research İnstitute.
  2. 1 2 3 4 Hooks, bell (1984): Feminist Theory – From Margin to Center. South End Press, U. S.

Xarici keçidlər

Cəlil, Nurlana. "Cəlil, Nurlana. Feminizm: anlayışlar, cərəyanlar, tədqiqat istiqamətləri". Baku Research İnstitute.