Sakit okean
Sakit okean | |
---|---|
Koordinatlar | 0° şm. e. 160° q. u. |
Hissəsidir | Dünya okeanı |
Səthinin sahəsi |
|
Maksimum dərinliyi | 11.034 m, 4.280 m |
Ən dərin yeri | Çellencer dərinliyi[d][1] |
Su həcmi | 660.000.000 km³[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır.
Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir
Etimologiya
Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Böyük okyanus" adlandırılmışdır.[2]
Dənizləri
- Berinq dənizi
- Oxot dənizi
- Yapon dənizi
- Şərq dənizi
- Sarı dəniz
- Şərqi Çin dənizi
- Cənubi Çin dənizi
- Yava dənizi
- Banda dənizi
- Filippin dənizi
- Ross dənizi
- Amundsen dənizi
- Bellinshauzen dənizi
- Mərcan dənizi
- Tasman dənizi
- Durvil dənizi
- Fici dənizi və.s.
Sahəsi
Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur. Okean ekvator boyunca geniş məsafədə uzanır, ona görə də ən isti okean hesab olunur. Ən dərin çökəklik Marian çökəkliyi (11022 m) bu okeandadır. Filippin dənizi də burada yerləşir. Okeanın şərqində sahil xətti az girintili-çıxıntılıdır, qərbində — Avrasiya sahillərində bir çox yarımadalar vardır. Bunlardan Kamçatka, Koreya yarımadası, Hind-Çin, Malakka yarımadalarını göstərmək olar. Sakit okeanın 19-dan çox dənizi var. Bunların əksəriyyəri okeanın qərbində, Avrasiya ilə adalar arasında yerləşir. Sakit okeanda 10.000-dən çox ada vardır. Okeanda mənşəyinə görə adaların bütün tiplərinə rast gəlmək olar. Bunlardan ən böyükləri Saxalin adası, Yaponiya adaları, Filippin adaları, Kalimantan və Yeni Qvineyadır. Saxalin adası materikdən Tatar boğazı ilə ayrılır.
Tədqiqi tarixi
Sakit okean sahillərində və adalarda yaşayan xalqlar çox qədim zamanlardan onu öyrənməyə başlamış, sərvətlərini mənimsəmişlər. Sakit okeanın tətqiqində F. Magellanın ilk dünya səyahətinin (1519–1522) böyük rolu olmuşdur. Okeanda üzdükləri zaman heç bir fırtınaya rast gəlmədiklərinə görə ona Sakit okean adını da Magellan vermişdir. Lakin bu okean heç də sakit deyildir. Dünyanın bir çox səyyah və alimləri okeanın təbiətini öyrənməyə çalışmışlar. C. Kukun (1768–1771), N. Kruzenstern və Y. Lisyanskinin (1809–1806) dünya səyahətlərinin də Sakit okeanın tətqiqində əhəmiyyəti danılmazdır. A. Tasmanın, V. Berinqin, S. Dejnyovun və başqalarının Sakit okeanın ayrı-ayrı hissələrinin öyrənilməsində böyük əməyi olmuşdur. Son yüzillikdə Sakit okeanın təbiəti haqqında yeni məlumatlar əldə edilmiş, onun maksimum dərinliyi müəyyən edilmişdir. Okean dibinin relyefi, cərəyanların xüsusiyyətləri, ən dərin çökəkliklərdə üzvi aləmin həyat tərzi öyrənilməkdədir.
Relyefi
Sakit okean ən dərin okeandır. Okeanın orta dərinliyi 4.028 metr, maksimum dərinliyi isə Marian çökəkliyində 11.022 metrdir. Sakit okean bütövlükdə bir litosfer tavası üzərində yerləşir ki, bu da öz sərhədlərində digər tavalarla qarşılıqlı təsirdədir. Bu qarşılıqlı təsirlər yer səthində və su altında zəlzələlər, vulkan püskürmələri ilə müşayiət olunur. Okeanın dibindən püskürmüş lavanın həcmi materiklərdə püskürmüş lavaların həcmindən üç dəfədən də çoxdur. Sakit okean sahillərində quruda çoxlu vulkan vardır. Bunlar fəaliyyətdə olan vulkanlardır. Okeanın şimal hissəsində fəaliyyətdə olan vulkanlar daha çoxdur. Sakit okeanın dib relyefi də mürəkkəbdir. Şelf zonası Sakit okeanda az sahə tutmasına baxmayaraq Asiya və Avstraliya sahillərində nisbətən genişdir. Materik yamacları sıldırım və pilləvarıdır.
İri qalxmalar, ayrı-ayrı dağlar və dağ silsilələri okean yatağını çökəkliklərə bölür. Okeanda ən böyük sualtı silsilələrdən Cənubi Sakit okean sualtı dağlarını, Şərqi Sakit okean sualtı dağlarını göstərmək olar. Sakit okeanın dağ silsilələri ilə materiklərin kənarı arasında böyük çökəkliklər də vardır. Mərkəzi Sakit okean çökəkliyi, Şimal-Şərq çökəkliyi, Cənub çökəkliyi, Qərb çökəkliyi daha böyükdür. Sakit okeanın bir sıra ən dərin çökəklikləri uzun və dərin novları xatırladır. Bunlardan Aleut, Qvatemala, Peru, Çili, Filippin, Kuril-Kamçatka çökəkliklərini göstərmək olar. Sakit okeanda dağəmələgəlmə prosesləri, vaxtaşırı vulkan püskürmələri və zəlzələlərlə müşayiət olunur. Zəlzələ zamanı okeanda güclü sunami dalğaları yaranır.
Relyefinin öyrənilməsi
XIX əsrin 60-cı ilinə qədər Sakit okeanın relyefi haqqında elmə məlum olan bir şey yox idi. Okeanın dərinliyi haqqında isə ilk məlumat 1866-cı ildə Oxot dənizində ölçü işləri aparan "Varyak" gəmisinin dənizçisi Konstantin Stepanoviç Statiçkiyə aiddir. O, Kuril tirəsinin şimal-qərbində 510 m-dən 640 m-ə qədər dərinlikləri müəyyən etmişdir. Şelixov körfəzinin cənubunda 100–150 m dərinliklərin təyin edilməsi də onun adı ilə bağlıdır. 1873-cü ildə "Tuskarord" gəmisi Vankuver adasından (Kanadanın cənub qərbində) Yaponiyaya qədər böyük bir məsafədə ölçü işləri aparır. 1874-cü ildə "Çellencer" Yeni Zelandiyanın paytaxtı Vellinqtondan Avstraliyanın Sidney şəhərinə yola düşməklə ölçü işləri aparmaqla Tasmaniya çökəkliyinin relyefi haqqında düzgün məlumatlar verir. Sakit okeana müxtəlif marşrutlar etməklə onun relyefini tədqiq edən ən görkəmli alimlərdən biri Ç. U. Tomson olmuşdur. "Diskoveri-II" gəmisi cənubi Sakit okean silsiləsini aşkar etməklə onu 2000 km uzunluğunda olduğunu müəyyən etdi. 1950-ci ildə "Xorayzn" ("Üfüq") gəmisi Filippinin şimal-şərqində yerləşən sahənin dib relyefini öyrəndi. 1950–54-cü illərdə Berinq dənizində Şirşov silsiləsi (3000 km), Obruçev-Kuril adalarında çərçivəsində "Vityaz" silsiləsi aşkar edildi. Obruçev Havay silsilələrinin əlaqəli olması müəyyənləşdirildi. 1960-cı illərin əvvəllərində isə Sakit okeanın cənubunda 3000 km uzunluğa malik olan çat Eltanine müəyyən edildi.[3]
İqlimi
Sakit okean qütb iqlim qurşaqlarından başqa bütün iqlim qurşaqlarında yerləşir. Sakit okeanda 25° şimal və cənub enlikləri arasında passat küləkləri hakimdir. Qərb hissəsində musson küləkləri əmələ gəlir. Yayda cənub-şərqdən əsən musson küləkləri rütubətli okean havasını Cənub-Şərqi Asiya və Çinin bir hissəsinə doğru aparır. Qışda materikdən soyuq və quru musson küləyi əsir ki, bu da okeanın iqliminə xeyli təsir göstərir, hətta okeanın kənar dənizlərinin bir hissəsi buzla örtülür. Okeanda temperatur paylanması üfüqi zonallığa uyğun gəlir. Tropik qurşaqda 25–27 °C hərarət olur. Şimala və cənuba getdikcə temperatur aşağı düşür. Ekvator boyunca böyük bir zolaqda yağıntının miqdarı 2000–3000 mm-dir. Havay adalarında illik yağıntının miqdarı 3500–4000 mm, Kauan adasında bəzi illərdə 12.000 mm-dən çox olur. Sakit okeanda yağıntılar buxarlanmalardan üstündür. Bu isə okeanda səth sularının duzluluğunun aşağı olmasının əsas səbəblərindəndir. Sakit okeanın maksimum duzluluğu 35 promilldir. Çay mənsəblərində bu göstərici çox aşağıdır. Sakit okeanın qərb hissəsinə yağıntı az düşür, bu ərazidə güclü qasırğalar olur. Mülayim enlikdə bütün fəsillərdə fırtınalar tüğyan edir, tez-tez qasırğalar baş verir. Qasırğalar okean suyunu bütöv bir dağ kimi göyə qaldırır, dalğaların hündürlüyü bəzən 25 metrə çatır ve daha cox. Bu ise sahil zonasina boyuk daginti verir, xeyli insan heyatini itirir.
Təbii qurşaqları
Sakit okeanda qütb qurşaqlarından başqa bütün iqlim qurşaqları mövcuddur. Bunların hər birinin də öz xüsusiyyəti vardır. Tropiklər arasında okeanın böyük ərazi tutması nəticəsində Sakit okean suları digər okean sularından daha istidir. Suyun temperaturu tropiklər arasında 19 °C, ekvatorda isə 29 °C-dir. Antarktika sahillərində isə suyun temperaturu −1 °C-yə qədər düşür. Qütbyanı qurşaqdakı dənizlərdə sular intensiv qarışır, ona görə də suda balıq daha çox olur. Burada qızılbalıq, mintay, kambala, siyənək balıqları ovlanır. Şimal mülayim qurşaq çox böyü ərazini əhatə edir. Bu qurşaq qərb küləklərinin güclü təsiri altındadır. Burada tez-tez fırtınalar olur. Mülayim qurşağın qərb hissəsi dəniz orqanizmlərinin növ müxtəlifliyinə görə ən zəngin ərazidir. Ekvatorial qurşaq üçün müxtəlif cərəyanların mürəkkəb qarşılıqlı təsiri səciyyəvidir. Cərəyanların sərhədlərində dərinlik sularının səthə doğru qalxması güclənir, bu sahələrdə bioloji məhsuldarlıq artır. Bu qurşağın qərb hissəsində özünəməxsus təbii kompleks əmələ gəlir. Zond adaları və Şərqi Avstraliya sahilləri yaxınlığında şelflərdə canlı aləm daha zəngindir. Sakit okeanın cənub tropik qurşağında, Avstraliya sahilləri yaxınlığındakı Böyük Sədd Rifi təbii kompleksi vardır. Bu, yer üzərində mərcanlar tərəfindən yaradılan ən iri dağ silsiləsidir. Mərcanlar açıq-yaşıl, sarı, qırmızı, mavi, bənövşəyi rəngdə olur. Burada çoxlu molyusklar, dərisitikanlılar, müxtəlif balıqlar yaşayır. Tropik qurşağın suları balıqlarla olduqca zəngindir. Burada 2000-ə yaxın balıq növü yaşayır. Mülayim qurşaqda yerləşən Berinq dənizində də balıq növləri çoxdur (təxminən 800-ə qədər). Ümumiyyətlə tropik qurşağın sularında üzvi aləm zəngindir. Sakit okeanın cənub sahillərində Antarktidadan üzüb gələn aysberqlər müşahidə olunur. Gəmiçilik üçün təhlükəli olan bu nəhəng buz dağları 40°Cənub enliyinə qədər gələ bilirlər.
Cərəyanları
Sakit okean qərbdən şərqə doğru çox uzandığı üçün bu okeanda suyun en axınları üstündür. Okeanın Şimal və cənub hissələrində cərəyanlar halqavari hərəkət edir.
Şimal yarımkürəsində cərəyanlar saat əqrəbi istiqamətində hərəkət edərək aşağıdakı həlqəni yaradır: Şimali Passat → Kurosio → Şimali Sakit okean → (və ya Alyaska)→ Kaliforniya.
Cənub yarımkürəsində cərəyanlar isə saat əqrəbinin əksinə doğru dairəvi hərəkət edirlər: Cənubi Passat → Şərqi Avstraliya → Qərb küləkləri → Çili → Peru.
Sakit okean tavasının materik tipli tavalarla toqquşması nəticəsində hazırda Sakit okeanın tədricən qapanması prosesi gedir.
Təbii ehtiyatları
Sakit okeanın təbii sərvətləri hələ qədim zamanlardan insanlar tərəfindən istifadə edilməyə başlanmışdır. 30-dan çox ölkənin ərazisi Sakit okeanla hüdudlanır. Dünya əhalisinin təxminən yarısı bu okeanın hövzəsində məskunlaşmışdır. Okeanın zəngin bioloji və mineral ehtiyatları vardır. Dünyada tutulan balığın 1/3-ni Sakit okean verir. Burada balina, morj, suiti, yenkəc, krevet və s. ovlanır. Sakit okeanda 4 mindən çox bitki növü yayılmışdır. Şelf zonasından neft çıxarılır (İndoneziya, Malayziya, Yaponiya, Avstraliya, ABŞ ərazisində). Okean suyundan kimyəvi təmizləmə aparmaqla qızıl, mis, sink, duz və digər maddələr alınır. Okeanın dibindən də filiz faydalı qazıntılar hasil olunur. Sakit okeanda güclü dalğalar mütəmadi olaraq müşahidə olunur. Bu dalğaların gücündən enerji mənbəyi kimi istifadə olunması sahəsində ABŞ-də, Yaponiyada tədqiqatlar aparılır. Sakit okean həm də mühüm nəqliyyat yollarının keçdiyi ərazidir. Dünyada dəniz nəqliyyatının yük tonnajına görə Sakit okean 20-ci əsrin 70-ci illərindən etibarən ən çox yük daşınılan okeana çevrilib.
Mənbə
- Ç. İsmayılov. Y. Qəribov. Məktəblinin coğrafiyalüğəti. Bakı,2006. səh.194–195.
- Тихий океан. (АН СССР. Институт океанологии). В 13 томах. — М.: Наука, 1966–1974.
- Атлас океанов. Термины, понятия, справочные таблицы. — М.: ГУНК МО СССР, 1980.
- Физическая география материков и океанов / Под общей ред. А. М. Рябчикова. — М.: Высшая школа, 1988.
- Шило Н. А., Ващилов Ю. Я. Роль сил Кориолиса в формировании асимметричной структуры восточка и запада Тихого океана и его континентального обрамления // Докл. РАН. 2008. Т. 419. № 4. С. 530–532.