Sivriyarpaq aktinidiya

Sivriyarpaq aktinidiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü.

Təbii yayılması

Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır.

Botaniki təsviri

25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir. Meyvələrin uzunluğu 1,5–3 sm, eni 1,2–2,7 sm, müxtəlif formalı-uzunsov, şarşəkilli, yumrudur, yetişmiş meyvələri tünd-yaşıl, şirin, dadlıdır. Meyvələrin yetişməsi-sentyabrın axırlarından oktyabrın ortalarınadəkdir. Toxumla və vegetativ üsulla çoxalır. Vegetativ çoxaldılmada qələmlərin kökatma müddəti 20–25 gündür.

Ekologiyası

Əlverişli şəraitdə 100 ilə qədər yaşayır. Qışadavamlılığı yüksəkdir. Torpağın nəmişliyinə çox tələbkardır. Kölgəyə, tüstüyə və qazadavamlılığı ortadadır. Günəş yanıqları ilə zədələnir.

Azərbaycanda yayılması

Azərbaycanın yarımrütubətli Şəki-Zaqatala və Lənkəran-Astara bölgələrində mədəni şəraitdə becərilir.

İstifadəsi

Sentyabr-oktyabr aylarında yetişmiş yaşıl-sarı meyvələri bitkiyə dekorativlik verir. Şaquli yaşıllaşdırmanın bütün növləri üçün (çəpər, çardaq və s.) perspektivlidir.

İstinadlar

Həmçinin bax