Vətən yolunda (qəzet)

Vətən yolunda
Yaranma tarixi 1941

Vətən yolunda[1] - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti[2].

Haqqında

1941-ci il avqustun 25-də SSRİ ordusu Cənubi Azərbaycana daxil olub.[3][4] 1941-ci il oktyabr ayının 11-dən etibarən Təbrizdə Vətən yolunda qəzeti nəşr olunmağa başlayıb.[5][6]

1942-ci il aprelin 13-də qəzetin nəşri dayandırılır.[7] Bu dövrə qədər qəzetin ümumilikdə 89 sayı işıq üzü görmüşdü.

"Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu.

1944-cü il aprel ayının 10-da qəzet yenidən çap olunmağa başlayıb.[8] Ümumilikdə 1941-ci ildən 1946-cı ilin mayın 1-ə qədər qəzetin 406 sayı işıq üzü görüb.[8] Qəzetin baş redaktorları Mirzə İbrahimov, Həsən ŞahgəldiyevRza Quliyev olub.[8]

Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu.[9]

Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır. "Vətən yolunda" qəzeti uzun illər Rza şah hakimiyyətindən sonra İranda ilk dəfə Azərbaycan dilində çap olunan qəzet idi.

Redaksiyada isə şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Qılman İlkin (Musayev), Seyfəddin Dağlı (Abbasov), Cabbar Məcnunzadə, jurnalist, elm və mədəniyyət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Həmid Yolçiyev, Cəfər Xəndan (baş redaktorun müavunu), Mehdixan Vəkilov, Mirzəağa Quluzadə, Rəhim Sultanov, Məmmədağa Sultanov, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox başqaları işləmişlər.[10]

"Vətən yolunda" qəzetinin səhifələrində 50-yə yaxın yerli şair öz şerlərini çap etdirirdi. Elə onlar da qəzetin nəzdində "Şairlər məclisinin" yaranmasının təşəbbüsçüsü oldular.[11] "Şairlər məclisi"nin ilk iclası 1945-ci il yanvarın 7-də keçirildi və Mir Mehdi Etimad onun sədri seçildi.

Azərbaycan Milli Hökuməti qurulduqdan sonra isə Maarif nazirliyinin nəzdində "Şairlər və Yazıçılar cəmiyyəti" quruldu.[11]

İstinadlar

  1. doğru-düzgün salnaməsini yazmış ədib və dilimizin fədakar qoruyucusu[ölü keçid]
  2. Cəmil Həsənli. Güney Azərbaycan tarixin yol ayrıcında (1939-1945). Bakı: Qanun nəşriyyatı. 2023. səh. 42.
  3. Həsənli, 2006. səh. 18
  4. Azərbaycan tarixi. Yeddi cilddə (PDF) (az.). VII. Bakı: Elm nəşriyyatı. 2008. 68. ISBN 9789952448481. 2025-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-23.
  5. Tahirqızı, Ülviyyə. "Təbrizdə Azərbaycan dilində çıxan ilk qəzet". www.anl.az. 2014-11-25. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
  6. Yaqublu, 2018. səh. 251
  7. Azərbaycan tarixi. Yeddi cilddə (PDF) (az.). VII. Bakı: Elm nəşriyyatı. 2008. 70. ISBN 9789952448481. 2025-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-23.
  8. 1 2 3 Azərbaycan tarixi. Yeddi cilddə (PDF) (az.). VII. Bakı: Elm nəşriyyatı. 2008. 71. ISBN 9789952448481. 2025-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-01-23.
  9. Ağayeva, 2004. səh. 7
  10. Ağayeva, 2004. səh. 8
  11. 1 2 Ağayeva, 2004. səh. 5

Mənbə

Həmçinin bax