Bülbülə
Bülbülə | |
---|---|
40°26′11″ şm. e. 49°58′23″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Suraxanı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən).
Tarixi
Abşeronun qədim yaşayış məntəqələrindəndir.
Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var.
Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir. Məscid 1915-ci ildə Seyid Baxış Seyid Nurbaxış oğlunun rəhbərliyi ilə suraxanılı usta Məşədi Dadaş tərəfindən tikilmişdir. Salam təpəsi Bülbülə ilə Bakıxanov qəsəbəsi sərhədində yerləşən həmşəhərli qəbiristanlığı adı ilə tanınan ərazinin ən hündür sahəsində yerləşir. İrandan Bakıya işləməyə gələnlər dünyalarını dəyişdikləri zaman bu ərazidə dəfn olunurdular, buna görə də bu yer xalq arasında həmşəhərli qəbiristanlığı kimi tanınırdı[mənbə göstərin].
Deyilənlərə görə Bülbülə kəndinin günçıxan tərəfindən olan kəndlərdən zəvvarlar Məkkə, Kərbala və Məşhəd şəhərlərinə ziyarətə gedərkən bu təpədə ayaq saxlayar, Bülbülədə olan "İmamzadə"yə salam verərdilər. Çovuş ziyarətnamə oxuyub qurtardıqdan sonra isə xudahafizləşərdilər. Ziyarətdən qayıdan zaman da onlar bu təpədə ayaq saxlayar, Bülbülə "İmamzadə"si ilə salamlaşardılar. Ziyarətə gedən zəvvarları yola salanlar onları bu təpədən yola salıb evlərinə dönərdilər. Beləliklə, xalq arasında bu təpənin adı Salam təpəsi adlanırdı. Bülbülədə 4 hamam var idi: 1. Əlican və Vəlican hamamı 2. Hacı İsgəndər hamamı 3. Razaq hamamı 4. Almas hamamı. Əlican və Vəlican hamamı 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikilmiş, hamamın dörd günbəzindən hal-hazırda ikisi qalmışdır[mənbə göstərin].
Bülbülə qəsəbəsi bu gün
Bülbülə qəsəbəsi Sabunçu rayonunun Bakıxanov və Ramana, Suraxanı rayonunun Əmircan və Yeni Suraxanı qəsəbələri ilə həmsərhəddir. 2007-ci ilin statistik məlumatlarına əsasən qəsəbədə 17000 yaxın, qeyri-rəsmi məlumatlara görə 21000 nəfər əhali yaşayır. Qəsəbənin 37 küçəsi var, onların uzunluğu 33,8 km.-dir. Qəsəbənin ərazisindən strateji əhəmiyyəti olan Bakı-H. Əliyev adına Beynəlxalq Hava Limanı yolu, S. Bəhlulzadə küçəsi, köhnə Bakı – Aeroport yolu və dəmir yolu keçir.
Bülbülə qəsəbəsində 6 orta məktəb (79, 140, 208, 226, 232 və 316 saylı) Qubadlı rayonundan məcburi köçkünlər üçün inşa edilmiş məktəb, 4 uşaq bağçası (136, 268, 312 və 313 saylı), M.Ə.Sabir adına Mədəniyyət evi, Ü.Hacıbəyov adına kütləvi kitabxana, 24 saylı şəhər poliklinikası, poçt və müxtəlif dövlət əhəmiyyətli müəssisələr yerləşir[mənbə göstərin].
Mədəniyyəti
Müasir Bülbülə – 1936-cı ildən etibarən Bakı şəhəri Suraxanı rayonunda şəhər tipli qəsəbədir. Azərbaycanın bir çox görkəmli şəxsləri Bülbülə qəsəbəsinə tarixi baxımdan yüksək qiymət vermişlər. Azərbaycanın tarixində böyük xidmətləri olan mütəfəkkir alim Abbasqulu Ağa Bakıxanov – özünün "Gülüstani-İrəm" əsərində Bülbülə haqqında belə yazır: "Xalq arasında belə bir rəvayət məşhurdur ki, Əmircan, Bülbülə və Ramana kəndləri xan kəndidir". "Bir çox şəhər və kənd xarabaları, Həzrət Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç imamzadənin – Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə. . . göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur. " Bülbülədə yerləşən "Mühəmməd Sadiq İmamzadəsi"ndə beşinci İmam Mühəmməd Baqir, övladı Mühəmməd Sadiq, xanımı, bir də ki, nökəri dəfn olunmuşdur. Beşinci İmam Mühəmməd Baqir 677-735–ci illərdə yaşamışdır. Buradan məlum olur ki, Bülbülədə hələ o zamanlar yaşayış var imiş ki, İmamın övladları da bura pənah gətirmiş və burada məskunlaşmışlar. Söyləyirlər ki, qədim əsrlərdə Bülbülə şorunun ətrafında şirin sulu bulaqlar qaynayarmış. Yayda şorun suyu quruyandan sonra üzə çıxan duzdan ceyranlar yalayar, şirin sulardan içərmişlər. Qafqaz, Azərbaycan – dünyanın ən qədim xalqlarından biri olan oğuzların – ulu babalarımızın məskəni olmuşdur. Bülbülə yaşayış mərkəzi özü də qədim oğuz məskənidir. "Bülbülə" sözünün mənşəyi haqqında aşağıdakı rəvayətlər mövcuddur: 1. Bülbülə şorunun ətrafında şirin sulu bulaqlardan birini "pül-pül" adlandırmışlar. 2. Başqa bir rəvayətdə isə deyilir ki, eramızdan əvvəl təxminən 335-325 illər arasında Makedoniyalı İsgəndər Zülqərneyn öz qoşunu ilə Bülbülə torpaqlarından keçən zaman palçıq, bataqlıq olan yerlərdə əziyyət çəkmiş və bu yerlərə "buli-buli" demişlər. 3. Başqa bir rəvayət isə "Bülbülə" sözunun burada olan bülbüllərin çox olması ilə əlaqələndirir. Bütün bu yazılardan Bülbülə kəndinin dəqiq yaşını müəyyən etmək olmasada, məlum olur ki, bu kənd qədim tarixə malik olmuş və müqəddəs yer kimi tanınmışdır. Bu fikir hal-hazırda kənddə yaşayan əhalinin müxtəlif yerlərdən gəlməsi də təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, misgərlik, daşyonan, dabbaqlıq, maldarlıq,dəmirçilik, əkinçilik , bağbanlıq, qalayçılıq və s. olmuşdur[mənbə göstərin].
Tanınmış şəxslər
- Pərviz Bülbülə — meyxanaçı və müğənni.
İstinadlar
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |