NATO

Şimali Atlantika Müqaviləsi Təşkilatı
NATO / OTAN
ing. North Atlantic Treaty Organization
fr. Organisation du traité de l'Atlantique nord
Loqonun şəkli
Loqo
Bayraq
Bayraq
NATO üzvləri yaşıl rəngdə göstərilmişdir
NATO üzvləri yaşıl rəngdə göstərilmişdir
Növü hərbi ittifaq
Yaranma tarixi 4 aprel 1949
Rəsmi dili ingilis
fransız
Mərkəzi Brüssel, Belçika
Qurucusu
Sədr Yens Stoltenberq
Xərc $1,036 trilyon
Üzvləri
NATO.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var.[2][3] Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir.

Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu. Avropa ölkələri ilə ABŞ arasındakı əlaqələrin gücü üzərində əmələ gələn şübhələr 1966-cı ildə Fransanın NATO-nun hərbi qanadından çəkilməsi ilə nəticələndi və NATO müdafiəsinin ehtimal olunan Sovet işğalına qarşı etibarlılığına mənfi təsir göstərdi. 1989-cu ildə Berlin divarı yıxılandan sonra təşkilat Yuqoslaviyanın dağılması dövrünə qarışdı və ilk hərbi müdaxilələrini 1992–1995-ci illərdə Bosniya və Herseqovinada, daha sonra isə 1999-cu ildə Yuqoslaviyada həyata keçirdi. Siyasi olaraq keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə yaxşı münasibətlər qurmağa çalışdı və həmin ölkələrin bir qismi 1999-cu və 2004-cü ildə ittifaqa qoşuldu.

Şimali Atlantika Alyansının təşkilata üzv ölkələrin silahlı hücuma məruz qalan hər hansı üzv ölkəyə kömək etməsini tələb edən 5-ci maddəsi NATO tarixində ilk və hələ ki, son dəfə 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra tətbiq olundu.[4] Həyata keçirilən bu terror hücumlarının ardınca NATO rəhbərliyindəki qoşunlar Əfqanıstana yerləşdirildi. Təşkilat, həmçinin İraqa təlim heyətinin göndərilməsi, dəniz quldurlarına qarşı əməliyyatların dəstəklənməsi[5] və 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsinə əsasən Liviya üzərində uçuşa qadağan olunmuş bölgənin tətbiq olunması kimi müxtəlif rolları icra etmişdir. NATO üzvlərini məsləhətləşmələr üçün yığıncağa çağıran daha az təsirli 4-cü maddə: 2003-cü ildə İraq müharibəsi ərzində Türkiyə tərəfindən, 2012-ci ildə Suriya vətəndaş müharibəsi ərzində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus silahsız F-4 döyüş təyyarəsinin düşürülməsi və Suriya ərazisindən Türkiyənin minaatanlardan atəşə tutulmasının ardınca,[6] Polşa tərəfindən 2014-cü ildə Rusiyanın Krıma müdaxiləsindən sonra[7] və 2015-ci ildə İŞİD terror qruplaşmasının Türkiyənin ərazi bütövlüyünə qarşı təhdidlərinə görə olmaqla ümumilikdə beş dəfə tətbiq olunmuşdur.[8]

Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ölkə 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub, 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.[9] Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraqƏfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edib.[10] 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edib və müvafiq qərargahlarda təmsil olunub.[11] Azərbaycan sülhməramlıları tam heyətdə 26 Avqust 2021-ci ildə bu ölkədən çıxarılıb.

Tarix

İlk illəri

Belçika, Birləşmiş Krallıq, Fransa, HollandiyaLüksemburq tərəfindən 17 mart 1948-ci ildə imzalanan və Soyuq müharibənin başlanğıcındakı Sovet təhdidinə qarşı ortaq müdafiə razılaşması olan Brüssel müqaviləsi NATO-nun quruluşunun ilk addımı hesab olunur. Sovet İttifaqının həyata keçirdiyi Berlin böhranı 1948-ci ilin sentyabrında Qərbi Avropa Birliyinin müdafiə təşkilatının yaradılmasına səbəb oldu.[12] Buna baxmayaraq, müttəfiq dövlətlər Sovet İttifaqının hərbi gücü qarşısında zəif mövqeyə sahib idi. Həmçinin, 1948-ci ildə kommunistlər tərəfindən Çexoslovakiyada həyata keçirilən hərbi çevriliş nəticəsində ölkədəki demokratik hökumətin hakimiyyəti tərk etməsinin ardınca Böyük Britaniyanın Xarici İşlər naziri Ernest Bevin oxşar hadisələrin qarşısını almaq üçün ən yaxşı yolun Qərb ölkələri arasında ortaq hərbi strategiyanın təşkil olunması olduğunu qeyd etdi.[13]

1948-ci ildə ABŞ Xarici İşlər naziri Corc Marşallın təlimatı ilə Pentaqonda avropalı liderlərlə amerikalı hərbi və siyasi rəsmilər arasında görüş təşkil olundu.[14] Yeni hərbi ittifaq üçün təşkil olunan bu görüşmələr 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində Şimali Atlantika müqaviləsinin imzalanması ilə nəticələndi. Bu müqaviləni imzalayanlar arasında Brüssel müqaviləsinə tərəf olan beş dövlət, həmçinin ABŞ, Danimarka, İtaliya, İslandiya, Kanada, NorveçPortuqaliya var idi.[15] İlk NATO baş katibi Lord İsmay 1949-cu ildə verdiyi açıqlamada bu təşkilatın məqsədinin "rusları çöldə, amerikalıları içəridə və almanları aşağıda saxlamaq" olduğunu bildirdi.[16] Müqavilə bütün ölkələr tərəfindən müsbət şəkildə qarşılanmadı. Bəzi islandiyalılar 1949-cu ilin martında baş tutan NATO əleyhinə etirazlara qatıldı. NATO-nun yaradılmasının ilkin təşkilati nəticəsi olaraq "Atlantikçilik" adı verilən və Şimali Amerika ilə Avropa arasındakı əməkdaşlığın vacibliyinə önəm verən düşüncə tərzinin meydana gəlməsi göstərilir.[17]

NATO-nun təşkil olunması Avropa ölkələrinin ABŞ standartlarını mənimsəməsi ilə müttəfiqlərin hərbi terminologiya, üsul və texnologiyalarına standartlaşdırma gətirdi. Təqribən 1300 standartlaşdırma razılaşması NATO-nun həyata keçirdiyi bir çox üsulu sistemləşdirdi. Bunun nəticəsi olaraq, 7,62×51mm NATO tüfəng kalibri 1950-ci illərdə bir çox NATO ölkəsində standart avtomat kalibri olaraq qəbul edildi.[18] Təyyarə manevr işarələrinin standartlaşdırılması nəticəsində NATO təyyarələri bütün NATO bazalarına enə bilmək potensialına sahib oldu.[19] Digər standartlar arasında yer alan NATO hecalama əlifbası NATO sərhədlərini aşaraq mülki həyatda da istifadə olunmağa başladı.[19]

Soyuq müharibə

border=none Əsas məqalə: Soyuq müharibə

1950-ci ilin iyununda Koreya müharibəsinin başlanması nəticəsində bir-biri ilə əlaqəli şəkildə işləyən bütün kommunist ölkələrin müəyyən təhdidini artırması NATO-nu konkret hərbi planlar hazırlamağa məcbur etdi.[20] Avropada yerləşən hərbi qüvvələri daha səmərəli idarə etmək üçün Avropa Müttəfiq Qüvvələri Baş Qərargahının əsası qoyuldu və 1951-ci ilin yanvarında Dvayt Eyzenhaver bu qurumun ilk komandanı təyin olundu.[21] 1950-ci ilin sentyabrında NATO Hərbi Komitəsi Sovet İttifaqı ilə tarazlığa nail olmaq üçün konvensional qüvvələr yaradılması çağırışı etdi və 1952-ci ilin fevralında Lissabon şəhərində təşkil olunan Şimali Atlantika Şurasının iclasında bu istəyi yenidən ifadə etdi. NATO-nun Uzunmüddətli Müdafiə Planı üçün lazım olan qüvvələri təşkil etmək məqsədilə keçirilən Lissabon konfransında diviziya sayının 96-ya çıxarılması təklif olunsa da, növbəti il üçün nüvə silahı istifadə edə biləcək 35 diviziyanın olması barədə razılıq əldə edildi. NATO həmin dövrdə Mərkəzi Avropada 15, İtaliya və Skandinaviyada isə 10 hazır diviziyanı çağıra bilirdi.[22][23] Lissabondakı konfransda təşkilatın ən yüksək vəzifəsi hesab edilən NATO baş katibi vəzifəsi də yaradıldı və Qastinqs İsmay bu vəzifəyə təyin olundu.[24]

1952-ci ilin sentyabrında Danimarka və Norveçin müdafiə qabiliyyətini təkmilləşdirmək məqsədilə 200 gəmi və 50.000 nəfərdən çox şəxsi heyətin qatıldığı NATO-nun ilk böyük dəniz təlimlərindən biri olan Meynbreys təlimi başladı.[25] Bunun ardınca təşkil olunan digər böyük təlimlər arasında Aralıq dənizində həyata keçirilən "Qrand Slam" və "Lonqstep" təlimləri, Şimali İtaliyada "Italic Weld" adı altında həyata keçirilən hava-dəniz-quru təlimi, Mərkəz Ordu Qrupunun qatıldığı simulyasiya edilmiş "Monte Karlo" adlı hava-quru təlimi, ABŞ, Böyük Britaniya, İtaliya, Türkiyə və Yunanıstan hərbi dəniz qüvvələrinin iştirak etdiyi Aralıq dənizində təşkil olunan "Veldfast" adlı amfibik desant çıxarma təlimi yer aldı.[26]

Sovet İttifaqı 1954-cü ildə Avropada sülhü qorumaq üçün NATO-ya daxil olmasının vacib olduğunu iddia etdi.[27] Sovet İttifaqının əsas məqsədinin ittifaqı zəiflətmək olduğundan çəkinən NATO ölkələri bu təklifi qəbul etmədi.

17 dekabr 1954-cü ildə Şimali Atlantika Şurası NATO-nun nüvə silahından istifadəsi ilə bağlı olan MC 48 adlı sənədi təsdiq etdi. MC 48 Sovet İttifaqı ilə baş verə biləcək müharibənin başlanğıcından etibarən ilk olaraq SSRİ tərəfindən istifadə edilib-edilməməsindən asılı olmayaraq NATO-nun atom silahlarını istifadə etməsinin vacibliyini vurğulayırdı. Beləliklə, Avropa müttəfiq qüvvələri baş komandanına nüvə silahının avtomatik istifadəsi məsələsində ABŞ-dəki Strateji Hava Komandanlığı ilə eyni səlahiyyətlər verilmiş oldu.

9 may 1955-ci ildə Qərbi Almaniyanın təşkilata daxil edilməsi dövrün Norveç Xarici İşlər naziri Halvard Lange tərəfindən "qitəmizin tarixində qərarlı bir dönüş nöqtəsi" sözləri ilə şərh olundu.[28] Almaniyanın ittifaqa daxil olmasının əsas səbəbi alman iş gücü olmadan Sovet işğalına qarşı mübarizə aparmaq üçün yetəri qədər konvensional qüvvə göndərmənin imkansız olması idi.[29] Buna rəsmi cavab 14 may 1955-ci ildə Sovet İttifaqı, Macarıstan, Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya, AlbaniyaŞərqi Almaniyanın imzaladığı Varşava Müqaviləsi Təşkilatının qurulması oldu. Beləliklə, Soyuq müharibənin hər iki tərəfi bəlli oldu.

1957-ci ilin payızında şimalda NATO tərəfindən eyni vaxtda üç böyük təlim həyata keçirildi. Norveçdən Türkiyəyə qədər olan ərazidə 250.000 hərbçi, 300 gəmi və 1500 təyyarənin qatıldığı həmin təlimlər ittifaqın indiyə qədərki ən böyük təlimləri hesab edilir.[30]

Əsas iş prinsipi

NATO — hökumətlərarası təşkilatdır, onun bütün üzvləri öz suverenliyi və müstəqilliyini qoruyurlar. İlk növbədə NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizlyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır.[31]

Təsis edilməsi

Alyansın yaranması Brüssel sazişinin imzalanması (mart 1948) ilə başlanmışdır. Bu sazişdə 5 Qərbi Avropa ölkəsi ümumi müdafiə sistemini yaratmaq və ölkələr arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək istəklərini təsdiq etdilər.[32]

Üzvləri

NATO-nun 32 üzvü var. Onlar: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveç, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, XorvatiyaYunanıstandır.[33]

Telekommunikasiya sahəsində NATO ilə əməkdaşlığın məqsədi birgə təlimlər çərçivəsində qarşılıqlı fəaliyyət, böhran vəziyyətində alyansın müvafiq prosedurlarının tətbiqi və müasir informasiya texnologiyalarinin istifadəsidir.

NATO-nun sülhməramlı əməliyyatları və Azərbaycan Respublikası

Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu əməkdaşlığın əsası Ümummilli liderimiz Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi imzalaması ilə qoyulmuşdur. Azərbaycan Respublikası NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Azərbaycan-NATO tərəfdaşlığı fərdi əsaslarla qurulub. Eyni zamanda, Azərbaycan Avro-Atlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir.Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, "NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək" Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir. NATO qüvvələri ilə uzlaşmanın yaradılması PAP (Planlaşdırma və Analiz Prosesi) mexanizminə əsaslanır. 1997-ci ildən 2 illik silklər əsasında PAP əməliyyat hazırlığı naminə Azərbaycanı NATO-nun Müdafiə planlamasına cəlb edir. Azərbaycan Silahlı Qüvvələri həyata keçirmək üçün üzərinə daha çox tərəfdaşlıq məqsədləri götürür və bunlar "NATO-nun hərbi, təlim və texniki standartlarını tətbiq etmək vasitəsilə NATO qoşunları ilə hərbi uzlaşmaya nail olunmasına" yönəlir. Azərbaycan xaricdə sülhməramlı məqsədlər üçün açıla bilən xüsusi bölmələr hazırlamışdır. 2008-ci ildə bu bölmələr eyni vaxtda üç sülhməramlı əməliyyata cəlb edilmişdir: KFOR (Kosovo Qüvvələri), ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) və Çoxmillətli Qüvvələr (İraq).

Müasir beynəlxalq sülhməramlı əməliyyatlar çoxfunksiyalı və mürəkkəbdir. Onların uğuru dövlətlərin əməliyyatların planlaşdırılması və aparılmasının bütün mərhələlərində komanda və nəzarət vasitələrinə cəlb edilməsindən asılıdır. NATO Tərəfdaş dövlətləri öz əməliyyatlarına cəlb etmək üçün inkişaf etmiş mexanizmə malikdir. 1999-cu ildən Siyasi-Hərbi Çərçivə sənədi NATO-nun rəhbərlik etdiyi SNT əməliyyatlarında NATO ilə Tərəfdaş dövlətlər arasında əməkdaşlığı tənzimləyir. Bu sənədin məqsədi "NATO-nun gələcək əməliyyatlarına qoşulan Tərəfdaş dövlətlərə əməliyyatlara siyasi istiqamətin verilməsi və üzərində nəzarət edilməsinə töhfə vermək üçün müvafiq imkanların verilməsinin təmin edilməsi"dir. Tərəfdaşlar ən yüksək siyasi səviyyə də daxil olmaqla əməliyyatlar üzrə siyasi məsləhətləşmə, planlama və onların həyata keçirilməsində iştirak edə bilərlər.

Bu mexanizmin vacib aspektlərindən biri Tərəfdaşlara beynəlxalq qərargahlarda vəzifələr tutmaq imkanının verilməsidir. Bu, "Tərəfdaş dövlətlərin əsl tərəfdaşlıqda töhfəsinin tanınması, müttəfiqlər və tərəfdaşlar arasında etimadın və anlaşmanın yaradılması və onların həmrəyliyinin gücləndirilməsi üçün vacibdir".

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 NATO Meet the Signatories (ing.).
  2. "What is NATO?". NATO Headquarters, Brussels, Belgium. 26 may 2017. 5 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  3. Cook, Lorne. "NATO: The World's Largest Military Alliance Explained". www.MilitaryTimes.com. The Associated Press, US. 25 may 2017. 25 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017. (#apostrophe_markup)
  4. "Invocation of Article 5 confirmed". North Atlantic Treaty Organization. 3 oktyabr 2001. 2010-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2018.
  5. "Counter-piracy operations". North Atlantic Treaty Organization. 2011-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2018.
  6. Croft, Adrian. "NATO demands halt to Syria aggression against Turkey". Reuters. 3 oktyabr 2012. 2012-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2018.
  7. "Statement by the North Atlantic Council following meeting under article 4 of the Washington Treaty". NATO Newsroom. 4 mart 2014. 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2018.
  8. Ford, Dana. "Turkey calls for rare NATO talks after attacks along Syrian border". www.cnn.com. CNN. 26 iyul 2015. 2015-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2018.
  9. "Azerbaijan-NATO partnership". Azerbaijan Ministry of Foreign Affairs. 2017-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  10. "Azərbaycan-NATO əməkdaşlığı". Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.
  11. "Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak". Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2018.
  12. Isby, Kamps Jr., 1985. səh. 13
  13. Pedaliu, 2003. səh. 97
  14. Behrman, 2007. səh. 157
  15. "A short history of NATO". NATO. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2018.
  16. Reynolds, 1994. səh. 13
  17. Straus, Ira. "Atlanticism as the Core 20th Century US Strategy for Internationalism" (PDF). Streit Council. Annual Meeting of the Society of Historians of American Foreign Relations. 2005. 2013-10-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2018.
  18. "PROOF AND INSPECTION COMMITTEE NATO 7.62 MM AMMUNITION". NATO. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-03.
  19. 1 2 "NATO Declassified – NATO Alphabet". NATO. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-03.
  20. Isby, Kamps Jr., 1985. səh. 13–14
  21. Ismay, Hastings. "NATO the first five years 1949–1954". NATO. 4 sentyabr 2001. 15 mart 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  22. Osgood, 1962. səh. 76
  23. Park, 1986. səh. 28
  24. "NATO: The Man with the Oilcan". Time. 24 mart 1952. 2012-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  25. Baldwin, Hanson. "Navies Meet the Test in Operation Mainbrace". New York Times. 28 1952: E7. 2012-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  26. Ismay, Hastings. "NATO the First 5 Years". NATO the first five years 1949–1954. NATO. 17 sentyabr 2001. 15 mart 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  27. "Fast facts about NATO". CBC News. 6 aprel 2009. 2012-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  28. "West Germany accepted into Nato". BBC News. 9 may 2011. 21 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  29. Isby, Kamps Jr., 1985. səh. 15
  30. "Emergency Call". Time. 30 sentyabr 1957. 2011-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2018.
  31. "NATO principles". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  32. "Treaty of Brusells states". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  33. "NATO countries". 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.

Xarici keçidlər