Tomazzo Kampanella
Tomazzo Kampanella | |
---|---|
it. Tommaso Campanella | |
Doğum adı | Giovan Domenico Campanella |
Doğum tarixi | 4 sentyabr 1568[1][2] |
Vəfat tarixi | 21 may 1639[1][2][…] (70 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomazzo Kampanella (it. Tommaso Campanella, xaç suyuna salınarkən Covanni Domeniko adını alıb. it. Giovanni Domenico; 4 sentyabr 1568[1][2] – 21 may 1639[1][2][…], Paris[1][3]) — İtalyan yazıçısı və filosofu.
Həyatı
XVII əsr italyan ədəbi fikrinin ən böyük nümayəndələrindən biri Tomazzo Kampanelladır. Onun əsl adı Can Demeniko olmuşdur. 15 yaşında isə o, rahib kimi Tommazo adını qəbul edir. 1591–1597-ci illər arasında o, dörd dəfə inkvizisiya məhkəməsinə cəlb edilir, işgəncə və təhqirlərə dözür, ittihamlar yüngül olduğu üçün azad edilir, lakin inkvizisiyanın hökmü ilə doğma yurdu Kalabriyaya qayıdır. Burada Kampanella İtaliyanı ispan ağalığından qurtarmaq üçün təşkil edilən sui-qəsdə qoşulur. Ağalar və kəndlilərin, şəhərlilərin və rahiblərin, hətta quldurların iştirak etdiyi bu sui-qəsdin üstü açılır. Tutulanlar istintaq zamanı bütün günahları Kampanellanın üstünə atırlar. Dövrünün qanunlarını gözəl bilən Kampanella ancaq özünü dəliliyə vurmaqla edamdan yaxa qurtarır. Kampanellanın ölüm cəzası 27 illik həbs cəzası ilə əvəz olunur.
O, XVII əsrin ilk rübünü həbsxanada Sant-Elmo qəsrinin quyusunda, qaranlıq içərisində keçirir. Bu kamera iyirmi altı pillə yerin altında idi, ora işıq düşmürdü. Kampanellanı burada əlli əsgər gözləyirdi. Hətta ən qəddar papa hüquqları bu zirzəmini həddindən artıq qəddar həbsxana adlandırmışlar. Bu həbsxananı artıq o vaxtlar "Kampanella çökəyi" adlandırmışdılar. 1626-cı ildə Romanın işə qarışması ilə Kampanellanı azad edirlər. Lakin heç bir ay keçmir ki, Kampanella üç ay müddətinə Roma inkvizisiyasının əlinə keçir. Papa VIII Urban ona bir müddət qayğı göstərir. Lakin ispanların və düşmənlərinin əlindən birdəfəlik qurtarmaq üçün mütəfəkkir yazıçı Fransaya qaçır və 1639-cu ildə orada vəfat edir.
Kampanellanın simasında onu intibah dövrünün humanistləri ilə yaxınlaşdıran cizgilər daha çoxdur, onda yeni dövrün insanlarına xas olan əlamətlər hələ tam formalaşmamışdır. O da T. Tasso kimi öz əsri ilə ayaqlaşmaq üçün dünyaya gec gəlmişdir. İnkvizisiya məhkəmələri onda ateizm, əsl bidətçilik tapmır. Üsyan hazırladığı və bunun üçün təbliğat apardığı dövrlərdə, zindanda olduğu ilk illərdən az-çox panteizmə meyil edən filosof tədricən ehtirasla katolik dinini yaymaq mövqeyinə keçir. Kampanellanın fikrincə, ka-tolikliyin prinsipləri təbiətin təbii qanunları ilə uyğun gəlirdi. Onda neoplatonizm görüşləri üstünlük təşkil edirdi. Kampanella inanırdı ki, o, ilahiyyatla fiziologiyanı, astronomiya və ritorikanı, fizika və məntiqi birləşdirə biləcəkdir. Kampanellaya görə, ağıl hər bir şeyin sirli mahiyyətini dərk etməklə, onunla birləşməklə, ümumdünya ahəngdarlığına, harmoniyasına qovuşur.
Kampanellanın ədəbi irsi olduqca zəngindir. Onun müraciət etmədiyi bir elm sahəsi göstərmək çətindir. Ədibin latınca və italyanca yazdığı əsərlərdə antik müəllifləri təqlid etmək norma və prinsiplərinə qarşı cəsarətli bir laqeydlik vardır. Bu cəhət ona hər bir məqamda öz kəskin, odlu sözünü deməyə imkan vermişdir.
Kampanellanın ədəbi irsinin mühüm bir qismini onun şeirləri təşkil edir. Onun "Kantika" adı altında toplanan şeirlərindən ancaq 164 nümunə qalmışdır. 1613-cü ildə ədibin pərəstişkarlarından olan T. Adami onun şeirlərindən səksən doqquzunu seçib bir məcmuə düzəldir. Bu məcmuə 1622-ci ildə "Settimontano Skvillanın bəzi fəlsəfi şeirlərinin toplusu" adı ilə nəşr olunur. Zınqırov demək olan Skvilla sözü Kampanella sözünün sinonimi idi. Kampanellanın şeirlərində də marinistlərdə olduğu kimi fərdiyyətçilik güclüdür. Gah qəsdən və zərurət üzündən meydana çıxıb təbiilik, gah da zaman üzərində hakim olmaq arzusundan irəli gələn fərdilik onun poeziyasını da barokko əsrinin şeiri kimi qiymətləndirməyə əsas verir. O, şeirlərində gah günəşə xitab edərək onun qaranlıq zindanına bir işıq şüası salmağı arzulayır, gah əzilən sadə xalqın acı taleyinə acıyır, nəhəng, güclü bir vəhşiyə oxşayan xalqın balaca bir uşağa bənzəyən ağalar tərəfindən idarə edildiyini xatırlayır. Xalqın cürətsizliyini, hakim təbəqələrin onu mənən və cismən əzməsini, müharibələr və zindanlarla məhv etməsini heyrətlə, təəccüblə yada salır. Başqa bir sonetində Kampanella kainatdakı şərafətin kökləri, səbəbləri haqqında söhbət açır, özünü sevərliyi, xudbinliyi yer üzərindəki şərin ən böyük baisi sayır.
"Ölməz ruh" adlı sonetində şair özünün sonsuz bilik ehtirasını, dünyanın sirlərini dərk etmək cəhdini əks etdirərək yazır:
Bütün kitabları oxudum tamam,
Ac bir adam kimi yedim onları.
Doymadım yedikcə yazılanları,
Nə qədər yedimsə, yenə də acam.
Elmə, biliyə doğru yönələn bu güclü ehtiras Kampanellanı intibah dövrünün nəhəngləri ilə doğmalaşdırır.
Tomazzo Kampanellanı dünya mədəniyyəti tarixinin ən görkəmli şəxsiyyətlərindən biri kimi tanıdan, heç şübhəsiz ki, onun "Günəş şəhəri" adlı utopik romanıdır. Bu romanda utopiya şəklində yazıçının ən yaxşı insan cəmiyyəti haqqındakı işıqlı arzuları əks olunmuşdur. Romanda təsvir edilir ki, bir nəfər dənizçi Hind okeanındakı adalardan birində bir dəstə adama rast gəlir. Onlar Avropa ictimai yaşayış sistemindən fərqli bir həyat tərzi ilə yaşayırlar. Onların hökmdarlarının adı Günəşdir, özləri də Günəşə sitayiş edirlər. Burada dövlətin başında Güc, müdriklik və məhəbbət durur. Xalqın "Müdriklik" adlı bircə kitabı vardır. O, yığcam və aydın bil dildə yazılmışdır.
Adanın əhalisi xüsusi mülkiyyət tanımır, onlar xüsusi mülkiyyəti bütün bəlaların səbəbi hesab edirlər. Hamı işlə məşğuldur. Cəmiyyətə xeyir vermək, onun xeyrinə çalışmaq bu ölkənin əhalisinin əsas məqsədidir. Onlar vətənə, yaşadıqları şəhərə məhəbbətlə yanaşırlar. Günəş şəhərinin adamlarında paxıllıq, xudbinlik, ikiüzlülük kimi sifətlər yoxdur.
İstinadlar
- ↑ 1 2 3 4 5 6 Firpo L. CAMPANELLA, Tommaso // Dizionario Biografico degli Italiani (it.). 1974. Vol. 17.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.